IQNA

Əqidə prinsipləri; Nübüvvət / 25

Peyğəmbərlərin fərqli xüsusiyyəti

18:12 - June 26, 2023
Xəbər sayı: 3494380
TEHRAN (IQNA) – Allahın peyğəmbərlərinin həm onları tanıtma, həm də məqsədlərinə çatmaları üçün zəruri olan xüsusiyyətləri və imtiyazları vardır.

Peyğəmbərlərin imtiyazlarından biri də odur ki, onlara vəhy nazil olur. Bu yolla onlar Allahla əlaqə qurur və ilahi mesajı alırlar.

  Quran İslam peyğəmbərinə xitab edərək əvvəlki peyğəmbərlər haqqında buyurur: "Biz səndən əvvəl də ancaq özlərinə vəhy olunan kişilər göndərdik" (Ənbiya, 7).

  Vəhy ilə bağlı suallar var ki, biz onların ikisini nəzərdən keçirəcəyik:

Niyə bizə vəhy olmur?

Hər radio bütün dalğaları və səsləri qəbul etmir. Daxili paklıq, ixlas, təqva və onlarla başqa şərtlər lazımdır. Ürək ilham və vəhy almağa hazır olmalıdır. Vəhy ki, öz yerində, hətta mətləbləri düzgün dərk edilməsi də ancaq sağlam qəlblərə, təqva sahiblərinə və həqiqi möminlərə layiqdir.

  Qurani-Kərimdə oxuyuruq: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!” (Hədid, 28(.

Bu ayədən başa düşürük ki, hətta bəsirət və nur hər kəsə verilmir, qalmışdı ki, vəhy və Allah-Təala ilə birbaşa ünsiyyət olsun.

 "Ənfal surəsində oxuyuruq: “Əgər təqvalı olsanız və Allahın əmrinə qarşı çıxmaqdan çəkinsəniz, Allah sizə xüsusi bəsirət bəxş edər ki, onun kölgəsində haqqı batildən ayıra biləsiniz” (Ənfal, 29).

  İnsanın həyatı boyu haqqı batildən, xeyiri şərdən, yaxşını pisdən, dostu düşməndən, xoşbəxtlik amillərini bədbəxtlikdən ayırmağa böyük ehtiyacı var. İnsanın ağlı bunu tanımağa hazırdır. Lakin həmişə xəsislik, şəhvət, xudbinlik, paxıllıq tozları və pula, arvad-uşağa, vəzifə və məqama həddən artıq məhəbbət insanın ağlına mane olur. Onu düzgün elm qüdrətindən məhrum edir. Burada təqva yağışı bu tozu aradan qaldırsa, ağıl həqiqətləri olduğu kimi tanıya bilər.

Əgər cəmiyyətdə qəzetlər, radiolar, televiziyalar, reklamlar onun-bunun istəkləri ilə idarə olunarsa, insanların çaşqınlıq içində kimin haqlı olduğunu ayırd edə bilməyəcəyi vəziyyət yaranar. Amma təəssübkeşlik, inadkarlıq, həvəslər bir kənara qoyulsa, kütləvi kommunikasiya vasitələri eqoistlərin ruporu olmasa, yalançı söz-söhbətlər bir kənara qoyulsa, insanlar öz hallarına buraxılsa, təhrik edilməsə, cəmiyyət özü çoxlu həqiqətlərə nail ola və çoxlu yalanları tanıya bilər.

“Bəqərə” surəsində oxuyuruq: واتّقوا اللّه و یعلّمكم اللّه Təqvalı olun ki, Allah da sizə öyrətsin” (Bəqərə, 282). Bəli, insan qəlbi güzgü kimidir, onu silsək, Allahın nuru onda əks olunacaq. Bilmək və mərifət də ən yüksək məqam olan vəhyə çatmaq üçün təmiz qəlb və sağlam ruh tələb edir.

  Qurani-kərim Peyğəmbərə (s) xitab edərək buyurur: “Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz onu möhkəm yaxalayardıq (gücünü-qüvvətini alardıq və ya sağ əlini tutub kəsərdik). Sonra onun şah damarını qopardardıq!” (Haqqə, 44-46).

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha