IQNA

Quran Surələri /12

Yusif peyğəmbərin (ə) əhvalatı, Quranın ən gözəl hekayəsi

19:22 - June 20, 2022
Xəbər sayı: 3492434
Qurani-Kərimdə Yusif peyğəmbərin əhvalatı insanın həyatı boyu çəkə biləcəyi çətinliklərlə doludur. Amma sonda Həzrət Yusif (ə) səbir və Allaha imanla yüksək məqama çatır.

Qurani-Kərimin on ikinci surəsi "Yusif" adlanır. Yusif bəni-İsrail peyğəmbərlərindən biri və Yaqub peyğəmbərin (ə) oğlu idi. O, doqquz yaşında yuxuda gördü ki, on bir ulduz, günəş və ay onun qarşısında səcdə edir. Bu yuxu onun taleyini təsvir edirdi. O, Misirdə böyük məqama yetişdikdə onu təhlükəli planla quyuya atmış qardaşları illər sonra onun qarşısında səcdə edib, ona ehtiram göstərdilər.

"Yusif" surəsi Qurani-Kərimin 111 ayədən ibarət Məkkədə nazil olmuş surələrindən biridir. Bu surə 12 və 13-cü cüzlərdə yerləşir. Bu surə həm də Peyğəmbərə nazil olan əlli üçüncü surədir.

Bu surə Yusif peyğəmbərin həyatının müxtəlif hissələrini ətraflı vəsf edir. Bu surə üçüncü ayəyə əsasən, "Əhsənul-Qəsəs" (ən yaxşı əhvalat) adı ilə məşhurdur. Ona görə ən yaxşı hekayə deyilir ki, Quran hekayələrinin məqsədini, yəni ibrət almağı ən yüksək səviyyədə həyata keçirir.

Bu surədə Yusif peyğəmbərin (ə) əhvalatı onun yuxusu ilə başlayır. Hekayənin ikinci hissəsi qardaşların qısqanclığı və Yusifi quyuya atmalarından bəhs edir. Yusifin quyudan xilas edilərək Misirdə satılması, Züleyxanın Yusifə aşiq olması, Yusifin zindana salınması, Misir padşahının yuxusunu yozması və həbsdən azad edilməsi, Yusifin Misirdə vəzifəyə gəlməsi, Yusifin qardaşları və atasının Misirə gəlməsi bu hekayənin digər hissələridir.

"Yusif" surəsindən məqsəd bəndələrə qarşı Allahın vilayətini ixlasla ifadə etmək və ən çətin şəraitdə onların izzətini yüksəltməkdir. Bu o surətdə olar ki, möminlər qəlbi yəqinliyə nail olub, sıxıntı və çətinliklər qarşısında səbir etsinlər.

Əllamə Təbatəbai "Əl-Mizan" təfsirində "Yusif" surəsinin əsas məqsədini Allahın pak və imanlı insanlar üzərində vilayətinin necəliyni bəyan etmək hesab edir. O, inanır ki, kim Allaha həqiqi iman gətirərsə, Allah onu ən çətin şəraitdə şərəf və əzəmət zirvəsinə ucaldar.

Bu surədən əldə ediləcək ən mühüm nəticələrdən biri də çətinliklər və məşəqqətlər qarşısında səbir və dözümə, dünya ləzzətləri qarşısında isə təqvaya çağırışdır. Allah saleh və ləyaqətli bəndələri mükafatlandıracağını belə vəd etmişdir.

 

Oxşar xəbərlər
captcha