IQNA

Əxbari alimləri ilə tanışlıq (9)

Şeyx Hüseyn Kərəkinin (vf. 1076 hq) həyatı ilə qısa tanışlıq

9:03 - May 25, 2016
Xəbər sayı: 3480491
Tehran, 25.05.2016 - Hüzur dövründən sonra (İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər...
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər... Şiə aləmində bu alimlərə "əxbarilər” deyildi. Əxbarilər ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytarmaqları idi…
Biz bu silsilə yazılarımızda sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik…
Şeyx Hüseyn Kərəki (vf. 1076 hq)
Hüseyn ibn Şəhabuddin Amili Kərəki görkəmli şiə alimi, ədib, şair və hikmət əhli idi. Əhl-Beytin (ə) mədhində gözəl şerləri vardır.
O, bir müddət İsfahanda yaşadıqdan sonra Hindistanın Heydərabad vilayətinə köçür və ömrünün axırınadək orada yaşayır.
Onun şer divanı, qədim və islami tibb, ədəbiyyat, hədis və fiqh sahəsində kitabları olmuşdur – (Əməlul-Amul, 1/70).
Şeyx Hüseyn Kərəkinin günümüzdə mövcud olan əsərlərindən biri də "Hidayətul-Əbrar ilə təriqi əl-Əimmətil-Əthar" kitabıdır ki, Şeyxin "əxbari" olduğunu göstərir. Bu kitabı Mirza Məhəmməd Əxbari (vf. 1232 hq) tərifləyir və "əxbari"liyin mühüm mənbələrindən biri kimi tanıtdırır – (Rövzatul-Cənnat, 7/137).
Bu kitabın müqəddiməsində ictihad və əxbarilik tərəfdarlarının ixtilaf etdikləri əsas məsələlərdən danışılır və bu ixtilafın səbəbinin cahilcəsinə təəssüb olduğu bildirilir. Bu ixtilaflardan çıxış yolunun isə Məsumların (ə) kəlamlarında düşünmək olduğu vurğulanır.
Şeyx Hüseyn Kərəki bu kitabın 7-ci bölməsində "ictihad"ı batil sayır. Qədim alimlərin "əqli istidlal" (əqli dəlilə söykənən) metodlarını və o əqli dəlillərin özünü batil adlandırır – (Hidayətul-Əbrar, s. 3, 4, 16, 17, 101, 134, 232, 233).

Hazırladı: Mirməhəmməd Bəşir


captcha